Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ

Mərkəzi Bankı baş direktoru Fuad İsayev: "Azərbaycanın bank sektorun yaxşı kapitallaşıb "
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın strategiyası işləyir – Beynəlxalq agentliklər nəticələri tərifləyir, reytinq yaxşılaşır - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son aylarda beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı və xüsusilə bank sektoru ilə bağlı açıqlamaları diqqət mərkəzindədir. "Fitch Ratings", "Moody"s" və "S&P Global Ratings" kimi nüfuzlu qurumlar öz hesabat və təqdimatlarında bank sektorunun dayanıqlılığını, kapitallaşma səviyyəsini və tənzimləyici çərçivənin güclənməsini xüsusi vurğulayırlar. Bu qiymətləndirmələr həm makroiqtisadi sabitliyin qorunması, həm də maliyyə sistemində aparılan struktur islahatların nəticəsi kimi dəyərləndirilir.

Bu kontekstdə, bank sektorunun mövcud durumu, Basel III standartlarına keçid, risk-əsaslı nəzarət mexanizmləri, eləcə də beynəlxalq reytinqlərə təsir edən əsas amillər cəmiyyət üçün aktual suallar doğurur.

Reklam_3_11

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev müsahibəsində bank sektorunun maliyyə göstəriciləri, beynəlxalq etimadın artmasının səbəbləri və qarşıdakı dövr üçün planlaşdırılan tənzimləyici təşəbbüslər barəsində ətraflı danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Yanvar ayında "Fitch Ratings", "Moody"s", "S&P Global Ratings" kimi beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində Azərbaycanın bank sektorunun dayanıqlılığı xüsusi vurğulanıb. Tənzimləyici qurum olaraq bu qiymətləndirməni necə şərh edərdiniz?

- Qeyd olunmalıdır ki, "Fitch Ratings" agentliyinin müvafiq vebinarında, eləcə də "Moody"s", "S&P Global Ratings" və Dünya Bankı digər mötəbər təşkilatların son dövrlərdəki dəyərləndirmələri və ictimai açıqlamalarında ölkəmizin bank sektoru ilə bağlı yer alan pozitiv qənaət və proqnozlar üçün zəmin olaraq ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çıxış edir. Ölkə başçısının müəyyən etdiyi Strategiya əsasında, o cümlədən "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" milli prioriteti çərçivəsində makroiqtisadi sabitliyin təmin edilməsi və maliyyəyə çıxışın artırılması istiqamətləri üzrə həyata keçirilmiş tədbirlər nəticəsində maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi güclənib və onların iqtisadiyyatda rolu artıb. Şübhəsizdir ki, Prezidentin 30 may 2025-ci il tarixli Sərəncamı əsasında hazırlanan "Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da bütün milli prioritetlər üzrə hədəflərə nail olmağa və bununla da Azərbaycanın malik olduğu "qlobal oyunçu" statusunun daha da möhkəmləndirilməsinə xidmət edəcək.

 

Məlumdur ki, Mərkəzi Bank öz fəaliyyəti çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı və iqtisadiyyatı dəstəkləməsi kimi prioritetləri hədəfləyir. Mərkəzi Bank "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"ndan irəli gələrək maliyyə sektorunun bütün seqmentləri üzrə olduğu kimi, bank sektoru üzrə də hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, o cümlədən beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Bu zaman, adını çəkdiyimiz prioritetlər daim diqqət mərkəzində olub, kompleks və fundamental tənzimləmələrin tətbiqi təmin edilib.

Dayanıqlı inkişaf üzrə strateji gündəlikdən irəli gələrək banklarda kredit, likvidlik, bazar, əməliyyat, informasiya təhlükəsizliyi və s. risklərin idarə edilməsi, kapital idarəetməsi, eləcə də korporativ idarəetmə üzrə normativ çərçivə təkmilləşdirilib, risk-əsaslı nəzarət konsepsiyası təsdiq edilərək tətbiqinə başlanılıb, ekoloji, sosial və idarəetmə (ESİ) amillərinin bankçılığa inteqrasiyası üzrə zəruri işlər görülüb və çoxsaylı digər təbirlər həyata keçirilib. Mərkəzi Bank tərəfindən maliyyəyə çıxışın artırılması və sahibkarlığın dəstəklənməsinin təşviqi istiqamətində layihələrin maliyyələşdirilməsi üzrə qaydalar təsdiq edilib, biznes subyektlərinin maliyyələşdirilməsi məqsədilə ölkə xaricindən vəsait cəlbi zamanı hedcləşdirmə imkanı yaradan yeni mexanizm formalaşdırılıb, kənd təsərrüfatı təyinatı ilə mikro sahibkarlara verilən kreditlərin, eləcə də ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsinin təşviqi üzrə tənzimləmələr, mikromaliyyə modeli üzrə strateji çərçivə və digər sənədlər qəbul olunub.

- Beynəlxalq reytinq agentlikləri bank sektorunda kapitallaşma və maliyyə göstəricilərini də ön plana çəkir. Bu sahədə mövcud vəziyyət necədir?

- Ümumilikdə, 2025-ci ilin sonuna bank sektoru üzrə kapital adekvatlığı göstəricisi minimum requlyativ normativi 2 dəfəyə yaxın üstələyir ki, bu da sektorun yaxşı kapitallaşması deməkdir. Strategiyanın ötən 2 ili (2024-cü və 2025-ci il) ərzində bankların aktivləri 16 %-dən çox artaraq 57 milyard manatı üstələyib. Bankların aktivlərinin ÜDM-ə nisbəti cari strateji dövrdə 4 faiz bəndindən çox artaraq 44 %-i keçib. Sektorun kredit portfeli son 2 ildə 30 % artaraq 30 milyard manatı üstələyib. Bankların biznes kreditlərinin ümumi həcmi 2004–2025-ci illər ərzində 28 % artaraq 16,1 milyard manatı ötüb.

 

Əhalinin banklarda olan əmanətlərinin həcmində də davamlı artım müşahidə olunmaqdadır. Son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artaraq 16,3 milyard manat təşkil edib. Sevindirici haldır ki, əmanətlərin mütləq artımı ilə yanaşı, yeni əmanətçilərin sayında da müsbət dinamika müşahidə olunur. Nəticədə, 2025-ci ildə müvafiq göstərici 29 % və ya 43,6 min nəfər artaraq 194,1 min nəfərə çatıb. Bank sektoruna artan inamın mühüm göstəricilərindən biri də dollarlaşma meyillərinin azalmasıdır. Qeyd edək ki, 2025-ci ilin sonuna bankların kredit və fiziki şəxslərin əmanət portfellərinin dollarlaşması müvafiq olaraq 14,2 % və 31,5 % olmaqla, tarixi minimum göstərici səviyyəsindədir.

- "Fitch Ratings", ardınca "Moody's" və "S&P Ratings" reytinq agentlikləri Azərbaycanla bağlı hesabatlarında müsbət məqamları vurğuladılar. Bu hesabatlara əsasən Azərbaycanın bank sektoruna beynəlxalq etimadın artdığını deyə bilərikmi?

- "Fitch Ratings" agentliyinin ekspertləri tərəfindən müvafiq vebinarda Mərkəzi Bankın prudensial nəzarət və tənzimləmə tədbirləri fonunda bank sektorunun daha gəlirli, adekvat kapitallaşmış, təkmilləşdirilmiş risk idarəetmə sistemlərinə və geniş şaxələnmiş maliyyələşmə bazasına malik olmaqla daha dayanıqlı olması ilə bağlı rəy bildirməsi qeyd olunan fəaliyyətlərin səmərəliliyi ilə bağlı əlavə əminlik yaradır. Daha əvvəl məlumat verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən bank kapitalı üzrə prudensial çərçivənin Bazel III standartlarına uyğunlaşdırılması məqsədilə ötən ilin sonu "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda müvafiq dəyişikliklər edilib. Məlum olduğu kim, sözügedən tələblər 1 yanvar 2027-ci ildən etibarən qüvvəyə minəcəkdir.

"Fitch Ratings" agentliyi tərəfindən ölkə banklarının kapital mövqelərinin Bazel III tələblərini yerinə yetirmək üçün adekvat səviyyədə olmasını, nəzarət tədbirlərinin gücləndirilməsinin son illərdə bank sektorunda aktivlərin keyfiyyəti və digər əsas göstəricilərin yaxşılaşmasına təkan verməsini, o cümlədən tənzimləyici çərçivənin effektiv olmasını qeyd etməsi Mərkəzi Bank və bank sektoru tərəfindən müvafiq Strategiyanın ahəngdar qaydada həyata keçirilməsinin önəmini bir daha vurğulayır.

"Moody's" agentliyinin son açıqlamasında Mərkəzi Bank tərəfindən tənzimləmə və nəzarətin davamlı şəkildə təkmilləşdirilməsinin Azərbaycanın bank sisteminin dayanıqlığının möhkəmlənməsinə töhfə verdiyi xüsusi olaraq vurğulanıb. "Moody's", bankların aktivlərinin keyfiyyətinin stabil olmasını, mümkün zərərlərin qarşılanması üçün yetərli ehtiyatlanmanın və dayanıqlı kapital mövqeyinin mövcudluğunu, habelə prudensial çərçivənin Bazel III tələblərinə uyğunlaşdırılmasının sektorun sabitliyinə növbəti dövrlərdə davamlı müsbət təsirini qeyd edib.

Bundan əlavə, "S&P Ratings" agentliyi tərəfindən illik əsasda həyata keçirilən Bank Sektoru üçün Ölkə Risk Qiymətləndirməsi (BİCRA) prosesi çərçivəsində Azərbaycanın bank sektorunun nəticələri yaxşılaşdırılıb. "S&P Ratings" agentliyi ötən dövr ərzində bank sektorunu 9-cu qrupdan 8-ci qrupa yüksəldib, 2025-ci ilin yanvar ayında isə risk proqnozunu "stabil"dən "pozitiv"ə qədər yaxşılaşdırıb. Daha adekvat qiymətləndirmənin təmin edilməsi məqsədilə AMB tərəfindən "S&P Ratings" agentliyinin ekspertləri və qiymətləndiriciləri ilə intensiv iş aparılır. Yaxın zamanda yeni BİCRA hesabatının dərc olunması gözlənilir.

Yeri gəlmişkən, xatırladım ki, 2025-ci il üzrə növbəti mühüm nailiyyət Dünya Bankının keçmiş "Doing Business" layihəsini əvəz etmiş yeni təşəbbüs olan "Business Ready" (B-Ready) hesabatı ilə bağlı olub. Azərbaycan "B- Ready" qiymətləndirməsi çərçivəsində "Maliyyə xidmətləri" indikatoru üzrə 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb. Bu indikator üzrə nail olunmuş 87.02 bal göstəricisi (skor) ölkənin maliyyə infrastrukturunun və institusional mexanizmlərinin inkişaf səviyyəsini nümayiş etdirir. Bu indikatorun "Maliyyə xidmətləri üzrə tənzimləyici çərçivə" sütunu (pillar) üzrə əldə edilmiş 94.01 qiymət göstəricisi (skor) biznes kreditləşməsi, təminatlı əqdlər, elektron ödənişlər üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlərin səmərəliliyinin göstəricisidir. Qeyd olunan indikatorun ikinci sütunu olan "Kredit infrastrukturunda məlumatların əlçatanlığı" istiqaməti üzrə əldə olunmuş 89.08 qiymət göstəricisi (skoru) kredit büro və reyestrinin, eləcə də daşınar əmlakın yüklülük reyestrinin fəaliyyəti çərçivəsində icra olunmuş tədbirlərin nəticəsində ərsəyə gəlib. Bu indikatorun son sütunu olan "Təcrübədə maliyyə xidmətlərinin əldə edilməsinin effektivliyi" fəaliyyəti üzrə 77.05 qiymətinə nail olunması da kreditlərin əldə edilməsi, təminat hüquqlarının və kredit məlumatlarının yenilənməsinin əməliyyat səmərəliliyi, elektron ödənişlərin effektivliyi istiqamətində həyata keçirilmiş tədbirlərin nəticələri əsasında mümkün olub.

Qeyd olunmalıdır ki, ümumilikdə "B- Ready" hesabatı ilə bağlı kompleks fəaliyyət ölkə başçısının 13 iyul tarixli 2016-cı il Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən sistematik qaydada həyata keçirilir. Bu çərçivədə "B-Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru ilə bağlı tədbirlər Komissiyanın Katibliyi və "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupu" tərəfindən hazırlanaraq Komissiya sədri tərəfindən təsdiq edilmiş 2025-ci il üzrə Yol Xəritəsi əsasında həyata keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Kredit Bürosu, Azərbaycan Mikromaliyyə Assosiasiyası və bir sıra digər qurumlar Yol Xəritəsinin tətbiqi prosesində yaxından iştirak ediblər.

Nəticə etibarilə, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, o cümlədən makroiqtisadi stabilliyin və maliyyə sabitliyinin təmin edilməsi, eləcə də maliyyə sektoru və maliyyə xidmətlərinin inkişafı istiqamətində icra olunan yol xəritələri və strategiyaların nəticələri ilə bağlı aidiyyəti təşkilatlar və agentliklərlə sistematik iş aparılması Azərbaycanın beynəlxalq reytinqlərinin əhəmiyyətli yüksəlməsinə dəstək göstərib. Bu kimi tədbirlərin nəticəsində "Fitch Ratings" və "Moody"s" agentlikləri tərəfindən ölkəmizin kredit reytinqinin "investisiya" səviyyəsində təsdiq edilməsi Azərbaycanın regional liderliyini və qlobal müstəvidə rolunun əhəmiyyətini bir daha təsdiq edib.

- Reytinq agentlikləri üçün mühüm indikatorlardan biri də Basel III standartlarının tətbiqidir. Qarşıdakı dövrdə sözügedən məsələ ilə bağlı hansı təşəbbüslər nəzərdə tutulub?

- Artıq qeyd etdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli qərarı ilə "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, Bazel III standartlarına uyğun yeni kapital buferlərinin tətbiqi bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla risklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalının keyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şərait yaradır. Bazel III standartlarına uyğunlaşdırma prosesinin başa çatdırılması prudensial siyasətin və nəzarət çərçivəsinin güclənməsini təmin etməklə yanaşı, sektorun beynəlxalq investorlar üçün cəlbediciliyinin artması baxımından əhəmiyyətli rol oynayacaqdır.

Bazel III standartlarına uyğunluqdan söz düşmüşkən, vurğulanmalıdır ki, Mərkəzi Bank, 2024-cü ildən etibarən likvidliyin örtülmə əmsalının (LCR) tətbiqinə başlayıb. Ötən ildən etibarən isə milli valyutada LCR əmsalının tətbiqi tələbi tənzimləyici çərçivəyə gətirilib və mərhələli qaydada tətbiqinə başlanılıb. Likvidlik risklərinin idarə edilməsi çərçivəsinin Bazel III standartarına uyğunlaşdırılması prosesinin davamı olaraq Xalis Sabit Maliyyələşmə Nisbəti (NSFR) üzrə tənzimləmənin mərhələli qaydada tətbiqi nəzərdə tutulur. Hazırda NSFR-ın tətbiqi ilə bağlı son daxili müzakirələr aparılır.

- Ölkənin beynəlxalq reytinqlərinə təsir göstərəcək daha hansı tənzimləyici tədbirlər planlaşdırılır?

- Bazel III standartlarının tətbiq edilməsindən əlavə 2026-cı il üçün banklarda daxili kapitalın adekvatlığının və likvidliyinin qiymətləndirilməsi prosesləri üçün metodologiyanın (ICAAP/ILAAP) hazırlanması nəzərdə tutulur. Bu metodologiyaların məqsədi bankın üzləşdiyi bütün əhəmiyyətli riskləri, habelə risklərin idarə edilməsi strategiyasını və biznes modelini nəzərə almaqla ona ehtiyac duyduğu daxili kapitalın və likvidliyin həcmini müstəqil şəkildə müəyyən etmək imkanı yaratmaqdır. Bundan əlavə, konsolidasiya edilmiş nəzarətin həyata keçirilməsi çərçivəsində təkcə ayrı-ayrı bankın deyil, həm də bank qrupunun (məsələn, bank və onun törəmə müəssisələrinin) üzləşdiyi riskləri nəzərə alacaq requlyativ çərçivənin hazırlanması nəzərdə tutulur.

Əlavə olaraq stres-testləşdirmə, konsolidasiya əsaslı tənzimləmə və nəzarət, bazar davranışları üzrə tənzimləmə və nəzarət, korporativ idarəetmə və bir çox digər istiqamətlər üzrə tələblərin mütərəqqi təcrübəyə uyğun qaydada daha da təkmilləşdirilməsi üçün normativ çərçivənin formalaşdırılması, ESİ amillərinin və risklərinin banklar tərəfindən strategiya, risk menecment və idarəetmə proseslərinə inteqrasiyası prosesinin davam etdirilməsi, AMB tərəfindən ötən ilin fevralında təsdiq edilmiş "Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi" əsasında SupTech həllərinin yaradılması kimi təşəbbüslər 2026-cı ildə həyata keçiriləcək.

Bütün bu təşəbbüslər bank sektoru üzrə risk-əsaslı nəzarət çərçivəsi ilə inteqrasiya olunacaq və onun tamlığını təmin edəcəkdir. Məlum olduğu kimi, ötən dövr ərzində Mərkəzi Bank risk-əsaslı bank nəzarətinə keçid üçün institusional və tənzimləyici bazanın yaradılması üzərində iş aparıb. Bu əsnada, 2024-cü ilin sonunda "Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası" hazırlanıb, ötən il AMB-nin Nəzarət Komitəsi formalaşdırılıb, ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) sisteminə əsaslanan Nəzarət təlimatı hazırlanaraq təsdiq edilib. Qarşıdakı dövrdə risk-əsaslı nəzarət çərçivəsinin uğurla tətbiqi, o cümlədən ARAS reytinqindən asılı olaraq banklara münasibətdə əlavə kapital buferlərinin, nəzarət tədbirlərinin, ƏSF-yə ödənilən təqvim haqları üzrə diferensial yanaşmanın tətbiqi və bir sıra digər dəyişikliklər nəzərdə tutulur.

İnanırıq ki, qeyd olunan, habelə bir çox digər təşəbbüslər ölkəmizdə bank sektorunun dayanıqlı inkişafını dəstəkləməklə reytinq agentlikləri və beynəlxalq maliyyə institutları tərəfindən aparılan qiymətləndirmələrə müsbət töhfə verəcəkdir.

- Müsahibəyə görə, təşəkkür edirik.

İş elanları AzVak.az-da

© "Report"

Azərbaycan bank sektoru beynəlxalq reytinqlər AMB Azərbaycan Mərkəzi Bankı Fuad İsayev müsahibəsi bank sektoru dayanıqlılığı kapitallaşma səviyyəsi tənzimləyici çərçivə bank sektorunda islahatlar Basel III standartları risk əsaslı nəzarət maliyyə göstəriciləri Fitch Ratings Moody's S&P Global Ratings Dünya Bankı B-Ready hesabatı maliyyə xidmətləri indikatoru kredit infrastrukturunda məlumatlar elektron ödənişlər maliyyə sabitliyi bank aktivləri bank kredit portfeli biznes kreditləri bank əmanətləri dollarlaşma azalıb Basel III kapital buferləri LCR tələbi NSFR tətbiqi ICAAP/ILAAP metodologiyası konsolidasiya əsaslı nəzarət stres-testləşdirmə korporativ idarəetmə ESİ amilləri SupTech həlləri risk əsaslı bank nəzarəti ARAS sistemi Nəzarət Komitəsi Yol Xəritəsi Azərbaycan bank sektorunun beynəlxalq etimadı investisiya reytinqi bank kapitalının adekvatlığı likvidlik idarəçiliyi
02.02.2026 10:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar