Mərkəzi Bank faiz qərarını açıqladı
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri barədə press-reliz yayıb.
Marja.az press-relizi təqdim edir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində).
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb.
İllik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin mayında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya 5.6% təşkil edib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib.
Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 mln. ABŞ dolları təşkil edib.
Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkənin xarici ticarətində 7.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisitinə dair proqnozunun daha da yaxşılaşması gözlənilir. Bu, son aylarda qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martın sonundan başlayaraq 6.43-6.44% intervalında olub. İzafi likvidlik şəraitində Mərkəzi Bank tərəfindən AZIR-i uçot dərəcəsinə yaxın səviyyədə idarə etmək üçün əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edilir. May ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 7 günlük depozit əməliyyatlarının payı 88.7% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə müntəzəm hərraclar da keçirilir. May və iyun aylarında bütün müddətlər üzrə notların gəlirliliyi azalma meyilli olub. İlin qalan dövründə bank sektorunda izafi likvidliyin daha da artması gözlənilir.
Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir.
Ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır. Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair növbəti qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən bank sektorunda likvidliyin dinamikası, onun birbaşa və dolayı təsirləri də nəzərə alınacaqdır.
2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il avqust ayının 5-dən iyul ayının 31-nə dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə də faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.
4 Fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilmişdi.
2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
6 may 2026-cı il tarixində də, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 17 d. əvvəl
-
21 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb






























